Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda təhsil işçilərinin sentyabr konfransı keçirilib.

03 sentyabr 2015 | 15:00

Konfransda Naftalan  Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Rəna Dəmirovanın “2014-2015-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib. Konfransda 2014-2015-ci dərs ili ərzində şəhər Təhsil Şöbəsi, o cümlədən şəhərin təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin yekunu bütün istiqamətlərdə təhlil edildi, 2015-2016-cı dərs ili üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildi. 2014-2015-ci tədris ilini şəhər ümumtəhsil məktəblərində 348 nəfər “4-5” qiymətlərlə (32,86%), 462  nəfər isə “əla” qiymətlərlə (43,62%) oxumuşdur.
      Qeyd etmək lazımdır ki, buraxılış imtahanının nəticəsinə görə şəhər ümumtəhsil məktəbləri respublika üzrə III yer, şəhərlər arasında I yer tutmuşdur.
    2014-2015-ci  tədris  ilində  yekun  nəticəyə  əsasən  imtahanda  iştirak edənlərin 81 nəfəri (100%) ümumi orta təhsil haqqında şəhadətnamə, 46 nəfəri də (100%) tam orta təhsil haqqında attestat almışlar. 2015-ci ildə şəhərimizin məzunlarından 40 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdir. İmtahanın nəticələrinə görə 20 məzun  ali  məktəb  tələbəsi  adını  qazanmışdır. Məzunlardan 2 nəfəri 600-dən yuxarı, 5 nəfəri 500-dən yuxarı, 4 nəfəri isə 400-dən yuxarı bal toplamışdır. Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdi  Cəmilə Rzayeva  ən yüksək nəticə göstərərək 686 balla Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə daxil olub.Həmçinin Cəmilə Rzayeva 2014-2015-ci tədris ilində tam orta təhsil haqqında xüsusi nümunəli attestat almışdır. Azərbaycan Respublikası  Təhsil Nazirinin 7 avqust 2015-ci il tarixli, 862 nömrəli əmri ilə “Qızıl medalla” təltif olunmuşdur.
          Təbii ki, bu uğurlar təkcə məzunlarımızın deyil, həm də öz işinə məsuliyyətlə yanaşan müəllimlərimizin zəhmətinin nəticəsidir. Müəllimlərimizin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir.
İ.Nəsimi adınan 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ədilova Bəsti Möhtəsim qızı təhsildəki nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30.09.2014-cü il tarixli Sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunmuşdur.
         Məruzə ətrafında müzakirələrdə şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova, Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin direktoru Ulduz Mayılova , şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Bəsdi Ədilova , məzun Cəmilə Rzayeva  və b. çıxış ediblər.
Konfransda çıxış edən Təhsil Nazirliyinin məsul işçisi Piralı Əliyev  yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb. Naftalan Şəhər İcra Hakimiyyətinin ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı baş məsləhətçi Afət Mustafayeva  yeni dərs ilinin başlanması və qarşıdan gələn Bilik Günü münasibətilə təhsil işçilərini təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb.
        Uğurlardan doğan yüksək əhval-ruhiyyə ilə keçən konfransda ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplayan məzunlara şəhər Təhsil Şöbəsi tərəfindən  diplomlar təqdim edilib.
         Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər