Çağdaş dövrümüzün parlaq simalarından olan, Xarici İşlər Nazirinin müavini - ADA Universitetinin rektoru, professor Hafiz Paşayev şərəflə yaşadığı ömrünün 81-ci zirvəsinə qədəm qoyur. Bu zəngin və mənalı ömrün səhifələrini vərəqlədikcə bir daha şahid oluruq ki, görkəmli ictimai-siyasi xadim, peşəkar diplomat, dünya miqyaslı alim, bacarıqlı elm və təhsil təşkilatçısı, əsl ziyalılıq nümunəsi olan Hafiz müəllimin şüurlu həyatı xalqının maariflənməsinə, Azərbaycanın tərəqqisinə və dünyada layiqincə tanıdılmasına həsr olunub.
Əminliklə söyləmək olar ki, professor Hafiz Paşayev ziyalılı¬ğı, müdrikliyi, xalqına, Vətəninə bağlılığı, dövlətə, ulu öndərimiz Heydər Əliyev siyasətinə sədaqəti ilə bu gün gənclərimiz üçün bir nümunədir. Bu kamil insanın çoxşaxəli fəaliyyətini izlədikcə görürük ki, o, ömrünün 81-ci zirvəsinə, sözün əsl mənasında, yurdsevər və fədakar fəaliyyəti ilə yüksəlib. Hafiz müəllim istər bir alim kimi yazdığı bir-birindən dəyərli elmi-tədqiqat əsərləri, istər bir diplomat kimi ölkəmizin dünya miqyasında tanıdılmasın¬da müstəsna xidmətləri, istərsə də ictimai-siyasi xadim kimi əsl vətəndaş və ziyalı mövqeyi ilə adı¬nı elm, təhsil, diplomatiya, eləcə də ictimai-siyasi tariximizə parlaq hərflərlə həkk etdirmişdir.
Xeyirxahlıq, pozitiv düşüncə tərzi, nadir insanlarda cəmləşmiş ziyalılıq və müd¬riklik, ağayanalıq kimi bütün bu keyfiyyətlər Hafiz müəllimə yaşadığı həyat tərzindən, mənsub olduğu soy-kökdən, ən əsası isə atası– görkəmli yazıçı və alim Mir Cəlal Paşayevdən keçmişdir. Azərbaycanda estetik fikrin forma¬laşmasında mühüm xidmətləri olan görkəmli alim, ədəbiyyatşünaslıq elmimizə “Füzulinin poetik xüsusiyyətləri”, “Azərbaycanda ədəbi məktəblər (1905–1917)” kimi orijinal elmi əsərlər bəxş edən, qələmə alındığı gündən indiyə qədər alimlərin, tələbələrin stolüstü kitabı olan “Ədəbiyyatşünaslığın əsasları” dərsliyinin müəllifi, yüksək məharət və parlaq istedadla yazılmış bədii əsərləri– hekayə və romanları ilə xalqımızın bir neçə nəslinin düşüncə tərzinin, milli şüu¬runun formalaşmasında müstəsna xidmətləri olan müəllimlər müəllimi Mir Cəlal Paşayevin hər kəsin bildiyi məşhur bir kəlamı var: “Ən böyük əsərim – ailəmdir”.
Rektor ölkə başçısı tərəfindən təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Həmçinin, cənab Prezidentin xüsusi Sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunub.
Hafiz müəllim Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri kimi 13 il ölkənin maraqlarını ləyaqətlə təmsil edib, Azərbaycanın xaricdəki diplomatik korpusunun ən uzun müddət xidmət edən səfiri olub. Bu müddət ərzində Hafiz Paşayev həmçinin Amerikanın nüfuzlu siyasi dairələrində böyük hörmət qazanıb, nüfuza sahib olub, ehtiramla qarşılanıb.
Hafiz Paşayev ölkəmiz milli müstəqilliyini bərpa etdiyi gündən etibarən təhsil sahəsində ən böyük layihələrdən biri olan Azərbaycan Diplomatik Akademiyasını yaratmaqla həm də bir təhsil oazisi yaradıb. Rektor olduğu müddət boyu o, tək elmli, bilikli və bacarıqlı deyil, vətəndaşlıq hissləri ilə seçilən məzunlar yetişdirilməsini başlıca vəzifəsi hesab edib. "ADA” Universitetinin əldə etdiyi uğurlardan biri də bu ali təhsil ocağında yaradılmış mühitdir - elmə və davamlı təhsilə, açıq müzakirələrə, fikir mübadiləsinə sövq edən bir məkandır.
Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın dediyi kimi, Hafiz Paşayev ömrünün hər bir mərhələsində, çalışdığı hər bir vəzifədə Azərbaycanın maraqlarını hər şeydən üstün tutub. Onun istər siyasi, istər elmi, istər ictimai fəaliyyəti bir məqsədə - Azərbaycanın güclənməsinə, inkişafına xidmət edib.
Diplomat, Səfir, Alim, Pedaqoq, Vətənpərvər, Xarizmatik lider. Bunlar Hafiz müəllimi ən yaxşı səciyyələndirən sözlərdir. Azərbaycan elmində, diplomatiyasında, təhsilində əvəzolunmaz yeri olan Hafiz müəllimi ürəkdən təbrik edir və ən xoş arzularımızı ona çatdırırıq!
![]() |