Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Naftalanda 17 minədək turist müalicə alıb

07 yanvar 2022 | 16:00

Ötən il Naftalanın sağlamlıq-turizm mərkəzlərinə 16 mindən çox turist üz tutub. Möcüzəvi şəfası ilə dünyada məşhur olan naftalan vannasından yararlanmaq məqsədi ilə Naftalan şəhərinə 46 ölkədən 1700-dən çox xarici turist gəlib. Hər zamankı kimi, siyahıya 1161 nəfər vətəndaşı ilə Rusiya başçılıq edir. Sonrakı pillədə isə 200 turistlə Qazaxıstan qərarlaşıb. Naftalanın şəfalı vannalarından yararlanan əcnəbi turistlər arasında ABŞ, Almaniya, İsrail, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiya, Kolumboya, İsveçrə, Monqolustan və digər ölkə vətandaşları da var.
   Kurort şəhəri həm də yerli turistlərin sevimli istirahət ünvanına çevrilib. Belə ki, 15 mindən çox ölkə vətəndaşı burada müalicə alıb və istirahət edib. Turizm üzrə ixtisaslaşmış yerli mütəxəssislərin fikrincə, Naftalan qonaqlar tərəfindən gecələmə sayına görə  turizm  şəhərləri arasında ən öncül mövqelərdən birinə sahibdir. Bu dinamika 2022-ci il ərzində artmaqda davam edəcək.
   Müqayisə üçün qeyd edək ki, 2020-ci il ərzində Naftalana cəmi 4727 turist gəlmişdir. Ötən il isə bu rəqəm artaraq 17 min nəfərə çatıb. Təbii ki, bir il öncəki həddə pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ciddi təsiri olmuşdur.
   Qeyd edək ki, Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 3000-ə yaxın turist qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Yaxın gələcəkdə şəhərdə tikintisi davam etdirilən turizm obyektləri istifadəyə verildikdən sonra Naftalan gün ərzində ümumilikdə, 3500-dən artıq turistə otel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq.

 

Keçidlər