Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda unikal çoxtəbəqəli yaşayış yerində arxeoloji işlər aparılır

02 avqust 2021 | 16:00

Abidə Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində aşkar edilmiş, ilkin arxeoloji tədqiqatlar həyata keçirilmişdir.  Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yerli əhali tərəfindən ərazi əsrlər boyu Qalaboynu adlandırılması, abidənin quruluşu və aşkar olunan maddi mədəniyyət nümunələrinə əsasən buranın Qala tipli yaşayış yeri olması ehtimalını irəli sürmək olar.
   Abidənin üst təbəqəsinin orta əsrlər dövrünə, alt təbəqənin isə tunc dövrünə aiddir.
  Orta əsrlər dövrünə aid mədəni təbəqədən qaya daşından və qırmızı bişmiş kərpicdən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinib.
   Tunc dövrünə aid təbəqədən çiy kərpicdən inşa olunmuş tikili qalıqları aşkar edilmişdir.
   Abidənin yerləşdiyi ərazi təbii-coğrafi baxımdan çox əlverişli yerdə yerləşir, həmçinin ətəyindən vaxtilə bol sulu çay keçmişdir. Çay yatağının ətrafı eneolit dövründən başlayaraq, orta əsrlərə qədər olan 6 min illik tarixi özündə əks etdirən yaşayış yerləri və qəbir abidələri ilə zəngindir.
   AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent  Müzəffər Hüseynovun verdiyi məlumata əsasən Azərbaycanda qədim dövrə aid abilələrin bir ərazidə bu qədər sıx yerləşdiyi ikinci bir məkanı təsəvvür etmək çətindir.  Belə ki, abidənin ətrafında Osmantəpə, Hacallı, Tatarlı, Səfikürd kurqanları, Muncuqlutəpə ilk dəmir dövrü nekropolu, Göl yeri və digər qədim dövrə aid yaşayış yeri yerləşir.
   Bu isə Naftalan şəhərinin dünyada analoqu olmayan şəfaverici nefti ilə yanaşı həm də  böyük arxeoloji turizm potensialına malik olduğunu göstərir.
   Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynovla birgə Qalaboynu yaşayış yerinə baxış keçirmişdir.
   Hazırda yaşayış yerində arxeoloji tədqiqatlar davam edir.

 

Keçidlər