Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Şura iclası keçirildi.

19 aprel 2014 | 15:00

 

   18 aprel 2014-cü ildə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2014-cü ilin birinci rübündə  görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirildi.
         Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak edirdi. İclası giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etmişdir ki,  Respublikanın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də ötən dövr uğurla başa çatmış və yüksək nəticələr əldə edilmişdir.
         2014-cü ilin  birinci rübündə Naftalan şəhərində də əldə olunan sosial-iqtisadi inkişaf göstəricilərinə nəzər salmaqla bunu təsdiq etmək olar.
         Ötən ilin birinci rübündə şəhərdə ümumi məhsul  buraxılışının həcmi 5248.9 min manat  təşkil etmiş,  sənaye məhsulunun həcmi keçən  ilin müvafiq dövrü ilə müqayisədə  6.4 faiz  artaraq  448.8  min manat, nəqliyyat sahəsində görülən işlərin həcmi 8,9 faiz artaraq 89,7 min manat, rabitə sahəsində göstərilən xidmətlər 44.9 faiz artaraq 50.7 min manat təşkil etmişdir. Əhaliyə 1633,7 min manatlıq pullu xidmətlər göstərilmişdir ki, bu da 2013-cü ilin birinci rübündə göstərilən pullu xidmətin həcmindən 11,6 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi  6.8 faiz artaraq 3377.6 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 277,1 manat olmuşdur.
        Bu dövrdə şəhərin büdcəsi subsidya ilə birlikdə 972 min manat, xərcləri isə 644.9  min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 682  min manat olmuşdur.
        Naftalan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2014-cü ilin I rübü ərzində 28 ailənin 109 ailə üzvünə  Ünvanlı Dövlət Sosial Yardımı təyin edilmişdir.  Bir ailəyə düşən SY-ın məbləği 122,76 man, bir ailə üzvünə düşən SY-ın məbləği isə 31,54 man olmuşdur. Bundan başqa mərkəzin sosial xidmət sektoru tərəfindən şəhərdə yaşayan 48 nəfər tənha ahıl və  əlil vətəndaşa xidmət göstərilmişdir.    
        Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 28 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyin edilmiş,  rüb ərzində ümumi gəlir 758.7 min manat olmuşdur.  Pensiya verilişi üzrə borc qalmamışdır.
        Şəhər Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlardan 51 nəfəri daimi işlə təmin olunmuş, 4 nəfərə işsizlik statusu, 5 nəfərə isə işsizlik müavinəti təyin edilmişdir.
        Ümumiyyətlə, regionların inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq hesabat dövründə şəhər ərazisində geniş abadlıq, quruculuq, tikinti və təmir işləri
aparılmış və hazırda davam etdirilir ki, burada da onlarla şəhər sakini müvəqqəti olaraq işlə təmin olunmuşdur.
        Qış mövsümündə əhali və məktəblilər fasiləsiz olaraq  istiliklə təmin edilmiş və kommunal xidmətlərlə əlaqədar şəhərimizdə heç bir problem yaşanmamışdır.
        Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə bağlı şəhərin elektrik verilişi şəbəkələrində təmir və yenidənqurma işləri davam etdirilir. 
        Hazırda şəhərin su və kanalizasiya işlərinin həlli məqsədilə,  yağış-su ötürücü xətlərinin çəkilişi, su anbarı  tikintisində tamamlanma işləri aparılır.
       Dövlət Proqramında icrası nəzərdə tutulmuş, lakin icrasına başlanmamış  tədbirlərlə bağlı şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə  mərkəzi icra  hakimiyyəti orqanlarına müraciətlər edilmiş və məlum olmuşdur ki, gələcəkdə bu işlərin həyata keçirilməsi nəzərdə tutulub.
        2014-cü ilin ötən dövrü ərzində 280 yerlik körpələr evi-uşaq bağçası tam fəaliyyətə başlamış, “Qarabağ” sanatoriyasının tikintisində son tamamlama işləri aparılır.
      Gigiyena və Epidemiologiya mərkəzinin mütəxəssisləri tərəfindən şəhərin pərakəndə ticarət, ictimai-iaşə obyektlərində mütəmadi olaraq yoxlamalara başlanılmışdır. 15 ticarət və ictimai-iaşə obyektlərində yoxlama aparılmış və mənşəyi məlum olmayan yararlıq müddəti bitmiş 7,5 kq ərzaq məhsulu aşkarlanaraq satışdan çıxarılmışdır.
         Ulu öndər Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə şəhərin ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tarix fənnindən açıq dərslərə başlanılıb. Açıq dərslər yüksək səviyyədə peşəkarlığı, metodiki hazırlığı ilə fərqlənən qabaqcıl tarix müəllimləri tərəfindən tədris olunur.
          Daha sonra Natiq Aslanov bildirmişdir ki, Möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən  respublika əhalisinin 2014-cü il  fevralın 17-dən  mayın 1-dək pulsuz tibbi müayinədən keçirilməsi kompaniyası çərçivəsində Naftalan şəhər xəstəxanasının tibbi kollektivi tərəfindən şəhərin, eləcə də Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərinin əhalisinin tibbi müayinədən keçirilməsi istiqamətində bir sıra ardıcıl və məqsədyönlü tədbirlər işlənib, həyata keçirilmişdir.   Məhz görülən işlərin nəticəsidir ki, hesabat dövrü  ərzində əhalinin 5063 nəfəri   tibbi müayinədən  keçirilmişdir.  Bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir.
          2014-cü ilin ötən üç ayı ərzində Polis şöbəsində  2 ağır cinayət hadisəsi qeydə alınmış və cinayətlərin açılması 100% təmin edilmişdir. Yetkinlik yaşına çatmayanlar tərəfindən  cinayət hadisəsi törədilməmişdir.  
         “Vətəndaşların müraciətlərinə baxılması, araşdırılması və onlara vaxtında rəsmi məlumat verilməsi nəticəsində vətəndaşlar tərəfindən şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalmışdır.
      Qeyd edilmişdir ki, Naftalan şəhəri Beynəlxalq səviyyədə turizm və mədəniyyət sahəsinin  inkişafı məqsədilə Fransanın Leql və İtaliyanın Pozitano şəhərləri ilə əməkdaşlıq edir. 2014-cü il aprel ayının 3-də isə daha bir şəhərlə, Rusiya Federasiyasının Yessentuki şəhərinin Administrasiyası ilə əməkdaşlıq və qardaşlaşma haqqında saziş imzalanmışdır. Bütün bunlar şəhərimizin gələcək iqtisadi inkişafı baxımından çox mühüm hadisələrdir.
       Naftalan şəhər İcra Hakimyyəti başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etmişdir ki, 2014-cü ilin birinci rübü Naftalan şəhəri üçün uğurlu olmuş və bu gün görülən işlər bir daha onu göstərir ki, kurort şəhəri getdikcə daha da gözəlləşəcək, yeni-yeni uğurlara imza atacaqdır.
       Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2014-cü ilin birinci rübündə  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi S. Tağıyev,  şəhər Təhsil şöbəsinin müdiri İ.Əsgərov və şəhər Xəstəxanasının baş həkimi İ.Muradov çıxış etdilər.

Keçidlər