Şriftin ölçüsü :

Saytın rəngi :

İnfrastruktur

Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün regionlarımız kimi Naftalan şəhəri də dinamik inkişaf etməyə başlamışdır. Xüsusilə möhtərəm prezidentimiz İlham Əliyev cənablarının diqqəti və qayğısı sayəsində şəhərimiz gündən günə yeniləşir.
“Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar şəhərdə 25 çarpayılıq Əlillərin Bərpa Mərkəzinin, Maliyyə şöbəsinin, Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin, Su-Kanal idarəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin yeni inzibati binaları tikilmiş və şəhər Mərkəzi Xəstəxanasında, şəhərin 01 və 02 saylı orta məktəblərində, Qaşaltı Qaraqoyunlu kənd orta məktəbində, şəhər futbol meydançasında və Heydər Əliyev parkında əsaslı təmir işləri aparılmışdır.

Həmçinin, ”Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosia-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhərimizin bütün infirastrukturlarının inkişafına diqqət artırılmışdır. Demək olar ki, Naftalan tamamilə yenidən qurulur. Belə ki, şəhərin elektrik şəbəkəsi yenilənmiş, ümumtəhsil məktəbləri və yaşayış binaları üçün yeni istilik qazanxanaları tikilmiş və yeni istilik qızdırıcıları quraşdırılmış, şəhərdaxili, binadaxili və şəhərin digər yaşayış massivlərinin qaz xətləri yenilənmiş, şəhərin su təchizatı və kanalizasiya sisteminin, səhiyyə-kurort müəssələrinin yenidən qurulması və tikintisi davam etdirilir.
Dövlət tərəfindən bu Kurort şəhərinə diqqət və qayğının nəticəsidir ki, şəhərin girəcək hissəsində Heydər Əliyev Parkına və Şirvan prospektinə qədər olan yolun hərəkət hissələri genişləndirilmiş, yeni istinad divarları çəkilmiş və işıqlandırılmışdır.

Yeni Dövlət Bayrağı meydanının açılışı olmuş, 65 metr hündürlüyündə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır.

2009-cu ildə sel suları nəticəsində uçmuş körpülərdə əsalı şəkildə yenidən qurulub istifadəyə verilmişdir. Şəhərin yeni tanıtma lövəsu qurulmuşdur. 


Naftalan şəhərində Bakı-Gəncə magistral yolunda qədər uzunluğu 18 km olan magistral yol əsaslı şəkildə təmir olunmuşdur. Şəhərin küçə və yollarına yeni asfalt örtükləri salınmış, yolların, küçələrin işıqlandırılmasdı üçün muasir işıq dirəkləri quraşdırılmışdır. 

Şəhərdə döqquz mərtəbəli yaşayış binalarının sıradan çıxmış liftləri müasir tipli yeni liftlərlə əvəz edilmişdir. Bütün çoxmərtəbəli yaşayış binalarının fasadlarının milli memarlıq üslubuna uyğun üzlənməsi, işıqlandırılması, hər bir mənzilə yeni plastik pəncərənin quraşdırılması, eyvanların əsaslı təmin olunması və dam örtüklərinin yenidən qurulması işləri davam etdirilir. 

Dövlət başçısı tərəfindən yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması ilə bağlı verilən tapşırıqlara əsasən şəhərin Heydər Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov parklarında, Şirvan prospektində, Dövlət Bayrağı meydanı və yol kənarlarına 35000 ədəd eldar şamı əkilmişdir. Həmin ağacların suvarılması üçün yeni su xətləri çəkilmiş və yeni subartezian quyuları qazılmışdır. 

Naftalan Kurortu inkişaf etdikcə Naftalan şəhəri də öz simasını tamamilə dəyişir, yeniləşir və Dünya Kurortlar Birliyinə inteqrasiya edir. Belə ki, 2011-ci ildə Naftalan şəhəri ilə Fransanın Leql şəhəri qardaşlaşmış və bu münasibətlə Naftalan şəhərinin rəhbərliyi həmin şəhərdə şəfərdə olmuşlar. Səfər zamanı Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov ilə Leql şəhərinin meri Tyeri Pino arasında bu şəhərlərin “Qardaşlaşma niyyəti barədə Bəyannamə”-si imzalanmışdır. Bu münasibətlə yerli şəhər orkestrinin ifasında təntənəli surətdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycanın bayrağı rəsmi surətdə meriyanın qarşısında digər qardaşlaşmış şəhərlərin bayraqları ilə bir sırada qaldırılmışdır. Bununla da Fransa və Azərbaycanın şəhərləri tarixdə ilk dəfə olaraq qardaşlaşmışlar.
Tədbirdə həmçinin Fransanın Aşağı Normandiya regionunun prezidenti Loran Bove (Sosialist Partiyası), Orn departamentinin deputatı Jan-Klod Lenuar (hakim UMP partiyası), Orn departamentinin prefesi Bertran Mareşo və digər nüfuzlu qonaqlar iştirak etmişlər. 

Beləliklə də, artıq Azərbaycan Respublikasının Dövlət Bayrağı daimi olaraq Leql şəhərinin meriyasının qarşısında dalğılanacaqdır.
Dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Naftalan şəhərində həyata keçirilən tədbirlər, quruculuq və abadlıq işləri onu göstərir ki, Naftalan şəhəri dünyanın ən gözəl, təmiz və ən yaraşıqlı kurort şəhərlərindən birinə çevriləcəkdir.

 

 Sanatoriya Kurort İnfrastrukturu

Azərbaycanda neft sənayesi 1920-ci ildə inkişaf etdikdən sonra Naftalan neftinin qazma yolla
çıxarılmasına başlanmışdır. Eyni zamanda 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır.
1933-cü ilə kimi Naftalan müalicəvi neftindən kustar şəkildə də istifadə olunurdu.
Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərmişdir. Həmçinin 1938-ci ildə Azərbaycan Elmi-tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır. Eləcə də, 1965-ci ildə Naftalan şəhərində Elmi-tədqiqat laboratoriyası yaradılmışdır.
Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Y.Q. Məmməd Əliyevin, professorlar T.H.Paşayevin, S.Ə.Quliyevanın və Tibb Elmlər doktoru T.H.Hüseynovun böyük xidmətləri olmuşdur.
Naftalan Kurortunun əsas inkişafı 1970-1990-cı illərdə olmuşdur. O dövrdə Azərbaycan SSR-ə rəhbərlik etmiş və sonra SSR-i Nazirlər Sovetində yüksək vəzifədə işləmiş ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan Kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta 19 fevral 1982-ci ildə Azərbaycan KP.MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının “Naftalan Kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında” birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan Kurort şəhəri kimi daha da böyümüşdür.
Belə ki, bu sahədə görülən işlərin nəticəsidə 1982-1987-ci illərdə Naftalan Kurortuna keçmiş SSR məkanından müalicəyə gələnlərin sayı 40 mindən 70 min nəfərə qədər artmışdır. Naftalan nefti ilə müalicənin 80–85% müsbət effekt verməsi nəticəsində Naftalan Kurortu SSR-i Kurortları arasında öz müalicəvi əhəmiyyətinə görə ön sıralarda yer tuturdu.
Ümummilli liderimiz Heydər Əliyevin Respublikamızda apardığı quruculuq işləri sayəsində Naftalan şəhəri daha da böyümüş və inkişaf etmişdir. Naftalan Kurortunun maddi texniki bazası daha da möhməkmləndirilmiş və şəhərdə 480 yerlik “Mil”, 480 yerlik “Azərbaycan”, 580 yerlik “Şirvan”, 560 yerlik “Çinar”, 800 yerlik “Goran” sanatoriyası tikilmişdir. Naftalan şəhərində yeni xiyabanlar salınmış və çoxmərtəbəli yaşayış binaları tikilmişdir. Eləcə də, həmin dövr ərzində şəhərdə məişət xidməti kombinatı, 400 yerlik kinoteatr binası, Hava limanı, Avtovağzal, 4 mərtəbəli Telekommunikasiya qovşağı və 9 mərtəbəli 108 yerlik mehmanxana binası tikilib istifadəyə verilmişdir.

Naftalanda dünyada yeganə olan bir muzey var: bu muzeyin eksponatları - atılmış qoltuq ağaclarıdır. Xəstələr naftalanla müalicə aldıqdan sonra sağaldığı üçün onlara qoltuq ağacları daha lazım deyildir, buna görə də onlar həmin ağacları Naftalan muzeyinə təhvil verib gedirdilər. Naftalana müalicəyə gələn xəstələr sağalıb getdikdən sonra müalicə olunduqları müəssisələrə yüzlərlə minnətdarlıq məktubu yazırdılar bu məktublar həmin sanatoriyalarda bir xatirə kimi saxlanılırdı.

1988-1993-cü illərdə Azərbaycanın siyasi iqtisadi və sosial həyatında baş verən proseslər Kurort-Birliyinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsi, insanların istirahətinin, müalicəsinin və sağlamlaşdırılmasının təşkili, kurort texnologiyalarının tətbiqi sahəsində də təsirsiz ötüşməmiş, nəticədə mərkəzləşdirilmiş Kurort-Birliyinin fəaliyyəti pozulmuşdur. Belə ki, Birliyə olduqca böyük zərər Ermənistanın Azərbaycana təcavüzü zamanı 20 faiz torpaqları işğal etməsi nəticəsində vurulmuşdur. Yəni qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızı yaşayış yerləri ilə təmin etmək məqsədi ilə Naftalan şəhərinin mövcud sanatoriyalarına yerləşdirmişlər. Bu da Sanatoriya Kurort müalicəsinə gələn əlillərin, xəstələrin, uşaqların və xüsusi ilə də digər respublikadan olan turistlərin istirahətinə mənfi təsir göstərmişdir. Hazırda Naftalan şəhərində kurort-sanatoriya (Naftalan nefti ilə müalicə) infrastrukturunun inkişaf etdirilməsi və Naftalan kurortunun keçmiş şöhrətinin özünə qaytarılması istiqamətində müvafiq iş aparılır.
Belə ki, son illər şəhərimizdə sahibkarlığın inkişafı üçün yeni kurort müalicəxanalarının yaradılması ilə əlaqədar geniş tədbirlər həyata keçirilir. Şəhərdə iş adamları tərəfindən inşa olunmuş ümumilikdə tutumu 300-350 nəfərlik olan “Şəfa vannaları” MMC, “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi” MMC, “Möcüzəli Naftalan” MMC və “Sehirli” Naftalan MMC sağlamlıq - turizm mərkəziləri fəaliyyət göstərir.

Bu sanatoriya komplekslərində yataq korpusları, müayinə və müalicə kabinetləri, yeməkxana və digər (idman zalı-ternojor, komputer otağı, kişi və qadın salonu və s.) xidmət sahələri mövcuddur.
Yataq korpusu 1,2,3 adamlıq otaqlardan və iki otaqlı iki adamlıq lüks otaqlardan ibarətdir. Otaqlarda müalicəyə gələnlərin məişət ehtiyaclarını ödəmək üçün hər cür şərait vardır. Həmçinin müalicə otaqları da bütün avadanlıqlarla təchiz olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev cənablarının 2008-ci ilin mart ayında Naftalan şəhərinə ilk səfəri zamanı ”Naftalanı müasir kurort şəhərinə çevirməliyik” fikri şəhərin həyatında yeni səhifə açdı. Naftalan kurortunun bərpası istiqamətində yeni müvafiq tədbirlər həyata keçirilməyə başlandı. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı“na və Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişaf üzrə “Dövlət Proqramı”na uyğun olaraq Naftalan kurort şəhərinin yenidən qurulması ilə bağlı bir sıra işlər görülür. Naftalan şəhərinin təkcə Sanatoriya Kurort infrastrukturunun deyil bütün infrastrukturlarının inkişafına diqqət artırılmış və əhalinin sosial problemlərinin bütünlüklə həll edilməsi məqsədilə işlərə başlanmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Naftalan şəhərinə 11 fevral 2011-ci ildə ikinci dəfə səfər edərək “Chinar hotel & SPA Naftalan” və “Qaşaltı” İstirahət və Sağlamlıq Mərkəzlərinin açılış mərasimində iştirak etmiş, burada yüksək səviyyədə qurulmuş xidmətlərlə tanış olmuşdur. Bu istirahət və sağlamlıq mərkəzləri müvafiq olaraq 312-200 çarpayılıq olmaqla dünya standartlarına uyğun inşa edilmişdir.

“Chinar hotel & SPA Naftalan”

“Chinar hotel & SPA Naftalan” Sanatoriyasının əsaslı təmirinə 2007-ci ilin may ayından başlanmışdır. 18,8 hektar ərazidə yerləşən 312 yerlik sanatoriyanın yenidən qurulması 2010-cu ilin noyabr ayında başa çatdırılmışdır. Sanatoriyada 200 nəfər işçi çalışacaqdır. Bina altı mərtəbədən ibarətdir. Binada 170 otaqlı Yataq Korpusu – 59 standart otaq, 100 superior, 4 suit, 6 delux suit, 1 king suit, Sağlamlıq Mərkəzi Korpusu – Naftalan Terapiya Mərkəzi, SPA Terapiya Mərkəzi, Fizioterapiya və Reabilitasiya Mərkəzi, Fitness Mərkəzi, Qış bağçası, Restoran “Firuzə”, Vitamin Bar, Su Prosedurları Korpusu – Basseyn (24x12metr), Whirlpool, Türk Hamamı, Talaterm, Sauna fəaliyyət göstərəcəkdir. Həmçinin Sanatoriyada Periferik sinir sistemi, Mərkəzi sinir sistemi, Hərəkət orqanlarının, Qulaq Burun Boğaz, Uşaq, Uroloji, Dəri, Ginekoloji və Periferik damar xəstəliklərinin müalicəsi aparılacaqdır.


“Qaşaltı” Istirahət və Sağlamlıq Mərkəzi

“Qaşaltı” Istirahət və Sağlamlıq Mərkəzinin təməli 2008-ci ilin fevral ayında qoyulmuşdur. 3,5 hektar ərazidə yerləşən 200 yerlik Sanatoriyanın tikintisi 2010-cu ilin noyabr ayında başa çatdırılmışdır. Istirahət və Sağlamlıq Mərkəzində 200 nəfər işçi çalışır. Bina beş mərtəbədən ibarətdir. Binada 92 otaqlı Yataq Korpusu – 83 standart otaq, 7 superior, 2 suit, Sağlamlıq Mərkəzi Korpusu – Naftalan Terapiya Mərkəzi, SPA Terapiya Mərkəzi, Fizioterapiya və Reabilitasiya Mərkəzi, Fitness Mərkəzi, Restoran, Kafe-Bar, Su Prosedurları Korpusu – Basseyn (72 m2), Yod-Brom vannası, Sualtı idman hərəkətləri üçün hovuz, Fin hamamı, Türk Hamamı, Sauna vardır. Həmçinin Sanatoriyada müasir Rentgen, Ultrasəs müayinəsi, Stamatalogiya, Urologiya, Ginekologiya, Kardialogiya, Labaratoriya, Hərəkət orqanlarının xəstəlikləri, Dəri xəstəlikləri şöbələri fəaliyyət göstərəcəkdir. Sanatoriyada müalicəyə və istirahətə gələnlər üçün 3 ədəd Kottec, Yeraltı maşın dayanacağı, Kompyuter mərkəzi, Boulinq zalı, 3D Kino zalı, Bilyard zalı, Tennis kordu, Mini futbol meydançası, Basketbol meydançası, Trenajor zalı, Cünəş vannası qəbul etmək üçün Teras vardır.


Azərbaycanın işğal altındakı rayonlarından olan və şəhərin Kurort Birliyinin mövcud sanatoriyalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə onlar Goranboy rayonunun ərazisində inşa olunmuş beşmərtəbəli binalara köçürülmüşdür. Hazırda isə heç bir standarta cavab verməyən həmin sanatoriyaların yerində dünya standartlarına uyğun yeni istirahət və sağlamlıq mərkəzləri tikilir. 

 

Naftalan nefti 

Naftalan nefti–qəhvəyi qonur rəngli, xüsusi aromatik qoxuya malik, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Naftalan neftinin xüsusi çəkisi 0,92 - 0,96, qaynama temperaturu 220 C, donma temperaturu (-20 C) dir, su ilə qarışdırıldıqda davamlı emulsiya əmələ gətirir. Kimyəvi tərkibinə görə, Naftalan nefti 0,923-0,974 qram-kubsantimetr arasında xüsusi çəkiyə malikdir. Hələ 1896-cı ildə həkim F.Q.Rozenbaum Qafqaz Səhiyyə Cəmiyyətinin iclasında öz şəxsi təcrübəsi əsasında ''Qafqazda çıxarılan Naftalanın təsiri haqqında'' qısa məlumatla çıxış etmişdi. O göstərirdi ki, naftalandan 1-ci dərəcəli yanıqların, kəskin və xroniki ekzemanın, seboreyanın, psoriazın müalicəsində, iltihablı yaralar, çibanlar, sızaqlar, sınıqlar, çıxıqlar, dartılmalar, revmatik və podaqra xarakterli ağrılar, limfa vəzilərinin soyuqlaması zamanı dərman kimi istifadə edilir. Rozenbaumun fikrincə, naftalan xəstələrə sakitləşdirici, sərinləşdirici, antiseptik təsir göstərir, yaranın qaysaqlanmasını sürətləndirir. Xüsusən Naftalan neftinin hərəkət-istinad, nevroloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində böyük əhəmiyyəti vardır.
Rozenbaumdan sonra P.M.Malışev, D.İ.Mendeleyev və Boruxoviç kimi görkəmli alimlər də naftalanın müalicəvi əhəmiyyətinə dair əsərlər yazmışlar. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan və Naftalan nefti dövlət mülkiyyətinə keçdikdən sonra onun müalicəvi əhəmiyyətini öyrənmək üçün bir neçə dəfə xüsusi ekspedisiyalar təşkil edilmiş, Azərbaycan Elmi-Tədqiqat Kliniki İnstitutunda xüsusi şöbə yaradılmışdır. İkinci Dünya müharibəsindən əvvəl Naftalan sınaq zavodunda, həmçinin, Azərbaycan Kurortologiya İnstitutunda Naftalan neftindən yüksək effektivliyə malik preparatlar alınmış, müharibə dövründə isə Azərbaycanın və Bakının evakuasiya hospitallarında Ş.M. Həsənovun təklif etdiyi ''Naftomastika'' preparatı güllə yaraları, travmatik artritlər, yanıqlar, donmalar zamanı istifadə edilmişdir. XX əsrin 40-cı illərində Azərbaycan neft-kimya elminin banisi Yusif Məmmədəliyev Naftalanın digər tədqiqatçılarından fərqli olaraq, onun müalicəvi xüsusiyyətlərinə dair başqa bir hipoteza irəli sürmüşdür. O, naftalan neftini ardıcıl olaraq asfaltenlərdən, qətrandan, aromatik karbohodrogenlərdən təmizləyərək, müəyyən etdi ki, hər belə əməliyyatdan sonra onun müalicəvi xüsusiyyəti yüksəlir, toksiki təsiri və digər mənfi xüsusiyyətləri isə aşağı düşür. Y.Məmmədəliyev aşkara çıxardı ki, naftalanın müalicəvi əhəmiyyəti onun tərkibində politsiklik naften karbohidrogenləri ilə bağlıdır.
Beləliklə də Naftalan mürəkkəb fiziki – kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar, metan karbohodrogenləri yoxdur. Politsiklik naften karbohidrogenləri isə əhəmiyyətli kəmiyyətdədir.

 

Naftalan neftinin tərkibi:
1. Naften karbohidrogrnləri - 50-55%
2. Aromatik karbohidrogenlər - 10-15%
3. Qətranlı maddələr - 14-15%
4. Naften turşuları - 0,5-3%
5. Kükürdlü birləşmələr - 0,3- 0,7%
6. Azotlu birləşmələr - 0,3%
7. Mikroelementlər (Y, Br , Cu , Mn , Zn , Li, B və s.) dən ibarətdir .

Naftalanın əsas müalicəvi komponentləri onun tərkibinin əsasını təşkil edən, yüksək molekullu, çoxhalqalı quruluşa malik (tsiklopentan-perhidrofenantren) naften karbohidrogenləridir. Bundan başqa naftalanın tərkibində olan kükürdlü, azotlu birləşmələr və mikroelementlər də naftalanın müalcəvi təsirində əhəmiyyətli rol oynayır .
Naftalan müalicə amili güclü iltihabəleyhi, ağrıkəsici, damargenəldici, allergiyaəleyhi, hormonabənzər, maddələr mübadiləsini tənzimləyici təsirə malikdir, ovogenez və ovulyasiya proseslərini və spermatogenezi sürətləndirir.

Yodbromlu su:
Naftalan nefti yerdən çıxarkən 90% su və 10% naftalan neftindən ibarət olur. Naftalan nefti ilə müalicə edərkən isə su 10% naftalan 90% olur. Naftalanla birlikdə yerdən çıxan su çox zəngin tərkiblidir, tərkibində yod və bromdan başqa həm də naftalanın tərkibində olan çoxsaylı mikroelementlər olduğundan bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq olunur
Naftalan neftinin elmi surətdə öyrənilməsindən və onun fizioterapevtik tətbiqindən 100 ildən də artıq bir vaxt keçir. Bir çox xəstəliklərin müalicəsində onun yüksək səmərə verməsi elmi dəlillərlə tam isbat edilmişdir. 1896-cı ildən indiyədək bu mövzuda 1600-dən artıq elmi əsər və monoqrafiya dərc edilmiş, elmlər namizədi və doktoru adı almaq məqsədi ilə 270 dissertasiya müdafiə olunmuşdur. Bütün bu mənbələrdə Naftalan nefti yalnız Azərbaycana məxsus unikal təbii resurs kimi səciyyələndirilir. Beləliklə, 19-cu əsrin sonlarından etibarən alman sahibkarı K.Yegerin sənaye üsulu ilə istehsal etdiyi ''Naftalan'' mazının ''bahalı alman dərmanı'' kimi təqdim olunmasına, indi isə Xorvatiyada bu adda kurortların fəaliyyət göstərməsinə baxmayaraq, bir məsələ hamıya aydın olmalıdır: Dünyada analoqu olmayan Naftalan nefti Azərbaycanın milli sərvətidir və belə olaraq qalacaqdır.
 

Keçidlər